Adilov V., Babazadə R. Mirzə Məhəmməd Əfşar, Fənni-sərfü nəhvi-türki (2015)

Title:Mirzə Məhəmməd Əfşar, Fənni-sərfü nəhvi-türki (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosürəti)
Author:Vahid Adilov, Rəxşanə Babazadə
Translator:
Editor:Redaktorları: Tofiq Hacıyev və Kamandar Şərifli; AMEA Nəsimi adına Dilçilik İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
Year:2015
Pages:260
ISBN:9789952814293
File:PDF, 8.83 MB
Download:Click here

Adilov V., Babazadə R. Mirzə Məhəmməd Əfşar, Fənni-sərfü nəhvi-türki (qrammatik oçerk, mətnin transliterasiyası, lüğət və əlyazmanın fotosürəti). Redaktorları: T. Hacıyev, K. Şərifli. Bakı: “Elm və təhsil” NPM, 2015, 260 s. ISBN 9789952814293

Annotasiya: Monoqrafiyada XIX əsr Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri olan Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki”əsərinin ərəb əlifbasından müasir əlifbaya transliterasiyası verilmiş, eyni dövrə aid dilçilik əsərləri ilə müqayisələr əsasında hazırlanmış qrammatik oçerk, habelə izahlı dilçilik terminləri və çətin anlaşılan ərəb və fars mənşəli sözlərin lüğəti mətnə əlavə edilmişdir.

s. 14-15:

Azərbaycan dilçiliyi tarixində özünə məxsus yeri olan Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri istər elmi-nəzəri, istərsə də praktiki-pedaqoji cəhətdən kifayət qədər əsaslı şəkildə öyrənilməmişdir. Bu vaxta qədər əsər birinci hissəsinin adı ilə “Fənni-sərfi-türki” kimi adlandırılmışdır. Halbuki əsərdə həm sərf (morfologiya), həm də nəhv (sintaksis) məsələləri əhatə olunmuşdur. Buna görə də əsərə verilmiş “Fənni-sərfi-türki” adı onun məzmununu tam əhatə etmir. Bu cəhəti nəzərə alaraq, biz əsəri “Fənni-sərfü nəhvi-türki” şəklində adlandırmağı daha münasib və doğru hesab edirik. Bu əsərdən müəyyən müddət darülmüəllimin və mədrəsələrdə tədris vəsaiti kimi istifadə edilmişdir. M. Əfşar Qori müəllimlər seminariyasında şəriət və ana dili müəllimi vəzifəsində çalışmış və çox güman ki, bu əsəri də həmin seminariyanın tələbələri üçün yazmışdır. Təəssüf ki, əski əlifba ilə yazılmış bu əsərin yalnızca fotosurəti mövcuddur. Əlyazmanın əslinin harada saxlandığı barədə əlimizdə dəqiq məlumat yoxdur. Nəstəliq xətti ilə yazılmış 90 əlyazma səhifəsindən ibarət olan bu əsər indiyə qədər nəşr edilməmiş, ən yaxşı halda, bir neçə tədqiqat əsərində əsərin müqəddiməsindən, nitq hissələrinin təsnifat prinsiplərindən və dilçilik terminlərindən qısaca məlumat verilməklə kifayətlənilmişdir. …

Dilçilik tədqiqatlarında əsərin sonundakı “… yanvar ayınıŋ […] bəndeyi-kəmtərin in çakəri-canfəşan dər məqami-tə’cil beetmam rəsanideəm, səm’ Əfşar müqimi-vilayəti-Urum(s)ə və xələfi Mirzə Məhəmməd əsli-Əfşar əst, iltimasi-du’a darəm” qeydinə əsasən müəllifin adı şərti olaraq Mirzə Məhəmməd Əfşar kimi müəyyənləşdirilir.

M. Əfşarın kimliyini araşdırarkən məlum oldu ki, müəllifinin adı Hacı Mirzə Məhəmməd Əfşar olan, təqribən 1900-cü illərdə Bombeydə nəşr olunduğu qeyd edilən “Bəhrül-irfan” adlı bir kitab var. 287 səhifəlik həmin əsər üç hissədən ibarət olub, İslam dini ayələri və hədislərinə həsr olunmuş və fars dilində yazılmışdır [27]. “Fənni-sərfü nəhvi-türki” əsərinin müəllifi Məhəmməd Əfşarın həm də şəriət müəllimi olduğunu nəzərə alaraq, düşünmək olar ki, hər iki əsər eyni müəllifə aiddir.

Əlyazmanın ilk səhifəsində fars dilində belə bir qeyd var: “Əz kotobe- kitabxaneye- ̕Əbdülxaliq Ğaffarzadei- Badkubei əl-mütəxəllisi be Cənnəti xəridəş nim manat əz ağayi-̕ Əbdülxaliq Ğaffarzadə, iltimasi-zikri-xeyr darəm. 95/1320”. Bu qeyddən aydın olur ki, əsər vaxtilə Cənnəti təxəllüslü Əbdülxaliq Ğaffarzadə Badkubeinin kitabxanasına məxsus olmuş və onun özündən yarım manata satın alınmışdır. Sağ küncdə isə, ərəb rəqəmlərilə 132095 qeyd edilmişdir ki, 1320 rəqəmi miladi təqvimlə təqribən 1902-ci ilə uyğun gəlir.

s. 16:

“Fənni-sərfü nəhvi-türki” əsərinin yazıldığı dəqiq tarix bəlli deyil. … Lakin M. Əfşarın öz qeydlərindən məlum olur ki, əsəri Qori müəllimlər seminariyasında dərs dediyi ərəfədə yazmışdır, deməli, onun tarixinin 1879-cu ildən əvvələ aid olması mümkün deyil. Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri təqribən XIX əsrin II yarısında Azərbaycan dilinin qrammatikasına aid azərbaycanlı müəllif tərəfindən azərbaycanca yazılmış ilk əsər olub təxminən XIX əsrin II yarısında, Mirzə Kazım bəyin “Грамматика турецко-татарского языка” (1839), “Общая грамматика турецко-татарского языка” (1846) və Mirzə Əbülhəsən Vəzirovun “Учебник татарско-адербайджанского наречия” (1861) əsərlərindən sonra və Nəriman Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” (1899) əsərindən əvvəl yazılmışdır.

s. 21-22:

Əsər iki böyük hissəyə bölünür: “Fənni-sərf” (morfologiya) və “Fənni-nəhv” (sintaksis). Əvvəldə qeyd etdiyimiz kimi, əslində, bu əsərin “Fənni-sərfi-türki” deyil, “Fənni-sərfü nəhvi-türki” və ya sadəcə “Sərfü nəhvi-türki”, yaxud müəllifin özünün yazdığı kimi, “Türk lüğətinin fənni-nəhviyyə-sərfiyyəsi” adlandırılması daha düzgün olardı.

s. 42:

Belə bir cəhət də diqqəti cəlb edir ki, əsər boyu M. Əfşar “Azərbaycan dili” anlayışını bildirmək üçün türk dili, “Anadolu türkcəsi” anlayışını ifadə etmək üçün Osmanlu ləhcəsi terminlərindən istifadə etmişdir. Lakin əsərin 14-cü səhifəsində bir yerdə Azərbaycan dili (“Azərbaycan dilində gah və kah ədati-vəsf iste’mal olunur”) və 48-ci səhifəsində bir yerdə Azərbaycan lisanı termininə də təsadüf olunur (“’Osmanlu lisanında maziyi-nəqlini ancaq eşitməkiylə bilinən xəbərlərdə iste’mal edirlər, məsələn: Şayiə’ olan xəbərlərə görə sultan Bulğariyə valisiniŋ təklifini qəbul etmişdür. Amma Azərbaycan lisanındaqəbul etmişdür” ’əvəzinə ğalibən “qəbul edübdür” iste’mal olunur”). Ümumiyyətlə, əsərdə “Azərbaycan dili” anlayışı daha çox türk dili, türk lüğəti, türk lisanı və bir neçə yerdə türki terminləri ilə ifadə olunmuşdur.