Ana dilimizlə bağlı ilk araşdırma əsərlər

Ana dilimizin qədimdən bəri bu bölgədə geniş yayıldığı tarixi mənbələrdən məlumdur. Təsadüfi deyil ki, hələ XIX yüzilin ortalarına doğru Çar Rusiyası dilimizin elmi müstəvidə öyrənilməsi məqsədilə bu sahəyə mütəxəssisləri cəlb etmişdi. Təbiidir ki, imperiyanın məqsədi aydın idi. Ancaq həmin dövrdə aparılan araşdırmalar sanbalı, elmi tutumu ilə yanaşı, ciddi elmi müqayisələr aparmaq, elmi qənaətlərə gəlməkdə əhəmiyyət daşıyır. Vahid Adilov və Rəxşanə Babazadənin birgə araşdırmasında o dövrdə dilimizlə bağlı araşdırmalar haqqında danışılır: “Mirzə Kazım bəyin 1839-cu ildə yazdığı 556 səhifəlik “Грамматика турецко-татарского языка” (“Türk-tatar dilinin qrammatikası”) əsəri (daha sonra “Общая грамматика турецко-татарского языка”, Kazan, 1846) vaxtilə Azərbaycan dilini öyrənmək istəyən ruslar üçün ilk mükəmməl qrammatika dərsliyi və metodik vəsait olub. Üç hissədən ibarət olan bu əsərdə Azərbaycan dilinin fonetik, morfoloji və sintaktik quruluşu haqqında məlumatlar öz əksini tapıb. Əsərin yazılması üçün fransız alimi A. P. Joberin 1833-cü ildə Parisdə nəşr etdirdiyi “Elements de la grammaire turke” adlı əsərini model kimi götürən M. Kazım bəy xələflərindən fərqli olaraq ilk dəfə Azərbaycan dilində mövcud olan morfoloji və sintaktik kateqoriyaların izahını Avropa dilçilik ənənələrinə uyğunlaşdırmağa çalışıb, bu prosesdə ərəb dilçilik ənənələrindən də bəhrələnib. Əsərin birinci hissəsində fonetika və morfologiyanın feilə qədər olan bölmələri, ikinci hissəsində feil, zərf və köməkçi nitq hissələri bölmələri, üçüncü hissəsində isə sintaksis bölmələri əhatə olunub.

Azərbaycan dilini yeni öyrənənlər üçün L. Budaqov tərəfindən tərtib edilmiş “Турецко-татарский букварь” (1844) dərsliyində Azərbaycan dilinin qrammatik qanunları, leksikası, cümlə quruluşu, təhlil prinsipləri və s. haqqında izahat verilir. T. Makarovun “Татарская грамматика кавказского наречия” (Tiflis, 1848) əsəri də Azərbaycan dilinin qrammatikası ilə bağlı ilk işlərdəndir. XIX əsrin II yarısında M. F. Axundzadə, H. Zərdabi, S. Ə. Şirvani, M. Ş. Vazeh, A. O. Çernyayevski, N. Vəzirov, R. Əfəndiyev, S. M. Qənizadə, H. Mahmudbəyov və b. təhsilin məzmun, forma və metodlarını dəyişməyə çalışır, xalqın savadlanması və maariflənməsi üçün xüsusi dərsliklərin, savad təlimi üçün fonetik üsulla dil qaydalarını öyrədən metodiki vəsaitlərin hazırlanmasına səy göstərirdilər.

1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflis gimnaziyasının Şərq dilləri müəllimi İ. Qriqoryevlə birlikdə “Kitabi-türki”, rusca isə “Татарская хрестоматия азербайджанского наречия” adlı dərslik yazıb. “Kitabi-türki”nin ikinci hissəsində əlifba sırası ilə “Татарско-русский словарь” verilib.

1856-cı ildə “Татарский букварь” adlı Azərbaycan dili dərsliyi ikinci dəfə nəşr olunur. Həmin dərslikdə Azərbaycan dilinin bəzi qrammatik xüsusiyyətləri haqqında çox yığcam məlumat verilib: “1857-ci ildə L. Budaqov Moskvada “Практическое руководство турецкого-татарского азербайджанского наречия” adlı dərslik çap etdirib. 20 dərsdən ibarət olan həmin dərslikdə əvvəlcə sözlərin fonetik və morfoloji quruluşu, bunların tərcüməsi, rusca verilmiş mətnin tərcüməsi, sonra ruscadan azərbaycancaya və azərbaycancadan ruscaya müqayisəli tərcümələr verilib, hər bölmənin sonunda mətndə olan sözlərin morfoloji təhlili və onların sintaktik xüsusiyyətləri izah edilib.

1861-ci ildə M. Ə. Vəzirovun tərcüməçilərə Azərbaycan dilini öyrətmək məqsədi ilə yazılmış “Учебник татарско-адербайджанского наречия” adlı dərsliyi çap olunub. L. Budaqov və M. Ə. Vəzirovun əsərləri öz dövrü və dilçilik tariximiz üçün müəyyən əhəmiyyət kəsb etsə də, elmi cəhətdən M. Kazım bəyin tədqiqatından olduqca aşağı səviyyədə idi. Bu əsərlərdə Azər-baycan dilinin qrammatik quruluşunu tədqiq etmək problemi qarşıya qoyulmadığı üçün M. Kazım bəyin qrammatikasındakı bəzi müddəalar sadələşdirilmiş şəkildə eynilə təkrarlanır.

1866-cı ildə L. M. Lazarev “Türk dilinin müqayisəli müntəxəbatı” adlı dərsliyini Moskvada çap etdirmişdir. Ruslara türk (Osmanlı) və Azərbaycan dillərini öyrətmək üçün yazılmış 348 səhifəlik həmin dərslikdə prof. L. M. Lazarev Azərbaycan dilinin əhəmiyyətindən, onun Asiya ölkələri və Yaxın Şərqdə yayılmasından da bəhs edir. Kitabın sonunda qısa lüğət də verilib. S. Ə. Şirvaninin 1877-ci ildə tərtib etdiyi “Rəbiül-ətfal” (Uşaqların baharı) dərsliyi də öz dövrü üçün mütərəqqi əhəmiyyət daşıyırdı. Lakin bu əsər kiçik yaşlı uşaqlar üçün tərtib edildiyindən burada didaktik məzmunlu illüstrativ materiallara üstünlük verilib, qrammatik izahlar nisbətən arxa plana keçirilib”.

1876-cı ildə Gürcüstanın Qori şəhərində Zaqafqaziya əyalətləri üçün açılmış “Загафгазская Учительская семинария”da yalnız rus, gürcü və ermənilər oxuyurdular. 1879-cu ildə Qori müəllimlər seminariyasının yanında tatar (Azərbaycan) şöbəsi açılır. Seminariyanın bu şöbəsinə Aleksey Osipoviç Çernyayevski müdir təyin olunur: “Qori müəllimlər seminariyası vasitəsilə rus pedaqoji fikri sahəsindəki yeniliklərin Azərbaycanda yayılması öz təsirini göstərib, rus məktəblərində tətbiq olunan tədris üsulları ilə az-çox tanış olan xüsusi məktəb sahibləri şəhərlərdə “Üsuli-cədid” (Yeni üsul) adlı məktəblər açmağa başlamışdılar. Məsələn, Şuşada M. M. Nəvvab, Lənkəranda M. İ. Qasir, İrəvanda M. K. Əskərzadə Müttəle, Şamaxıda S. Ə. Şirvani, Ordubad və Naxçıvanda M. Sidqi “Üsuli-cədid” məktəbi açıb yeni üsulla Azərbaycan dili və ədəbiyyat dərsləri keçirdilər. Həmin məktəblərdə Azərbaycan və fars dillərinin qrammatik quruluşu haqqında məlumat verilirdi. Azərbaycan dilinin tədrisi tarixində A. O. Çernyayevskinin xüsusi yeri var. O, fonetik üsulla azərbaycanlı uşaqlara ana dilini tədris edən “Vətən dili” adlı dərslik yazıb, bu dərslik azacıq dəyişikliklərlə müxtəlif illərdə (1882-1910) bir neçə dəfə nəşr olunub.

Azərbaycan dilinin qrammatikasına dair bu dövrdə yazılmış tədqiqatlardan A. Tahirovun “Самоучитель татарского языка” (1887) və S. M. Qəniyevin “Полнейший самоучитель татарского языка кавказско-азербайджан-ского наречия” (1890) əsərlərini də qeyd etmək olar.

Görkəmli maarifçi Rəşid bəy Əfəndiyevin 1889-cu ildə yazdığı “Uşaq bağçası” dərsliyi də ana dilinin tədrisi sahəsində xüsusi yer tutur. Əsərin üzərində qeyd edilib: “Savadsız adam bu kitab ilə bir ayda oxur və yazır”. R. Əfəndiyev 1901-ci ildə “Bəsirətül-ətfal” adlı qiraət kitabı da çap etdirib. 226 səhifəlik dərslikdə orfoqrafiyaya dair məlumatlar da var. Məktəblərdə Azərbaycan dili dərslərinin keyfiyyət və səlahiyyətini yüksəltmək məqsədilə N. Nərimanov 1899-cu ildə “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyini yaz. Bu dərslik orta məktəblərdə oxuyan azərbaycanlı uşaqlar üçün hazırlanmışdı.

XIX əsrdə Azərbaycan dilinə aid yazılmış dərsliklərin və dərs vəsaitlərinin qısa xülasəsindən göründüyü kimi, bu dövrə aid qrammatika əsərlərinin əksəriyyəti rus dilində yazılıb və Azərbaycan dilini ruslara öyrətmək məqsədi daşıyıb. Bunların arasında tək-tük Azərbaycan dilində yazılmış və azərbaycanlılar üçün nəzərdə tutulmuş yeni tipli qrammatika kitabları da var idi ki, həmin əsərlər içərisində Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri həm elmi sanbalına, həm də tarixi əhəmiyyətinə görə xüsusilə diqqəti cəlb edir.

Azərbaycan dilçiliyi tarixində özünə məxsus yeri olan Mirzə Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri istər elmi-nəzəri, istərsə də praktiki-pedaqoji cəhətdən kifayət qədər əsaslı şəkildə öyrənilməyib. Bu vaxta qədər əsər birinci hissəsinin adı ilə “Fənni-sərfi-türki” kimi adlandırılıb. Halbuki əsərdə həm sərf (morfologiya), həm də nəhv (sintaksis) məsələləri əhatə olunub. Buna görə də əsərə verilmiş “Fənni-sərfi-türki” adı onun məzmununu tam əhatə etmir. Bu cəhəti nəzərə alaraq, biz əsəri “Fənni-sərfü nəhvi-türki” şəklində adlandırmağı daha münasib və doğru hesab edirik. Bu əsərdən müəyyən müddət darülmüəllimin və mədrəsələrdə tədris vəsaiti kimi istifadə edilib. M. Əfşar Qori müəllimlər seminariyasında şəriət və ana dili müəllimi vəzifəsində çalışıb, çox güman ki, bu əsəri də həmin seminariyanın tələbələri üçün yazıb. Təəssüf ki, əski əlifba ilə yazılmış bu əsərin yalnızca fotosurəti mövcuddur. Əlyazmanın əslinin harada saxlandığı barədə əlimizdə dəqiq məlumat yoxdur. Nəstəliq xətti ilə yazılmış 90 əlyazma səhifəsindən ibarət olan bu əsər indiyə qədər nəşr edilməyib, ən yaxşı halda bir neçə tədqiqat əsərində əsərin müqəddiməsindən, nitq hissələrinin təsnifat prinsiplərindən və dilçilik terminlərindən qısaca məlumat verilməklə kifayətlənilib. Bu baxımdan Muxtar Hüseynzadə və Ağaməmməd Abdullayevin xidmətləri xüsusi qeyd edilməlidir, çünki əsər haqqında ən geniş məlumat onların kitablarında verilir.

M. Əfşarın kimliyini araşdırarkən məlum oldu ki, müəllifinin adı Hacı Mirzə Məhəmməd Əfşar olan, təqribən 1900-cü illərdə Bombeydə nəşr olunduğu qeyd edilən “Bəhrül-irfan” adlı bir kitab var. 287 səhifəlik həmin əsər üç hissədən ibarət olub, İslam dini ayələri və hədislərinə həsr olunmuş və fars dilində yazılıb. “Fənni-sərfü nəhvi-türki” əsərinin müəllifi Məhəmməd Əfşarın həm də şəriət müəllimi olduğunu nəzərə alaraq, düşünmək olar ki, hər iki əsər eyni müəllifə aiddir.

Əlyazmanın ilk səhifəsində fars dilində belə bir qeyd var: “Əz kotobe- kitabxaneye- ̕Əbdülxaliq Ğaffarzadei- Badkubei əl-mütəxəllisi be Cənnəti xəridəş nim manat əz ağayi-̕ Əbdülxaliq Ğaffarzadə, iltimasi-zikri-xeyr darəm. 95/1320”. Bu qeyddən aydın olur ki, əsər vaxtilə Cənnəti təxəllüslü Əbdülxaliq Qaffarzadə Badkubeinin kitabxanasına məxsus olub və onun özündən yarım manata satın alınıb. Sağ küncdə isə ərəb rəqəmlərilə 1320 və 95 qeyd edilib ki, 1320 rəqəmi miladi təqvimlə təqribən 1902-ci ilə uyğun gəlir. “Fənni-sərfü nəhvi-türki” əsərinin yazıldığı dəqiq tarix bəlli deyil. Akademik A. Axundov “Azərbaycan dili” adlı məqaləsində əsəri 1869-cu ilə aid edir. Lakin M. Əfşarın öz qeydlərindən məlum olur ki, əsəri Qori Müəllimlər Seminariyasında dərs dediyi ərəfədə yazıb. Deməli, onun tarixinin 1879-cu ildən əvvələ aid olması mümkün deyil. Məhəmməd Əfşarın “Fənni-sərfü nəhvi-türki” əsəri təqribən XIX əsrin II yarısında Azərbaycan dilinin qrammatikasına aid azərbaycanlı müəllif tərəfindən azərbaycanca yazılmış ilk əsər olub”.

Uğur

Xalq cəbhəsi.-2015.- 24 iyul.- S. 14.

Qaynaq: anl.az