Azərbaycan mətbuatı və Ünsizadə qardaşları…

Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub. 1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki olan “Əkinçi” meydana gəldi.

“Əkinçi”yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü. “Əkinçi” isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, “Əkinçi”nin açdığı cığırla “Kaspi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” və digər nəşrlər gedib.

Tədqiqatçılar yazır ki, Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da “Ziyayi-Qafqaziyyə” qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən “Ziyayi-Qafqaziyyə”nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə “Ziyayi-Qafqaziyyə”də bəhs edib.

Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə “Ziyayi-Qafqaziyyə”ni bərpa etməyə çalışır, 1900-cu ildə bu istəklə Bakı qubernatoruna ərizə verir. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib.

Tədqiqatçıların yazdığına görə, dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu.

Onu vurğulayaq ki, Azərbaycanın sovetləşməsi dönəmində mətbuat və ədəbiyyat tariximizin araşdırıcıları ideoloji nöqteyi-nəzərdən yanaşaraq “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetlərinin ideya-siyasi istiqamətlərini obyektiv şəkildə təhlil etməyərək, bu mətbu orqanın yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyini iddia edirdilər. Hətta qəzetin ciddi senzuraya məruz qalmadığını “qara xidmətlə” bağlayırdılar. Müasir tədqiqatçıların son araşdırmaları nəticəsində əldə olunan faktlar bu deyilənlərin tam əksini ortaya qoyur. “Ziya” (“Ziyayi-Qafqaziyyə”) qəzetinin çox ağır şəraitdə, ciddi senzor basqıları ilə nəşr olunduğu faktlarla aydınlaşır. Qafqaz Senzura Komitəsinin “Şərq və yerli dillər” üzrə baş senzoru V.Bezabrazov “Ziya”nın yaradıcılıq mühitinə ciddi mənfi təsir göstərib, Azərbaycan dilində mətbuatın və nəşriyyat işinin “dövrü çatmadığını” iddia edib, Səid Ünsizadə kimi ziyalıların əməyini “izafi iş” adlandırıb. Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə “Qurban bayramı” başlıqlı məqalə dərc edən “Ziya”nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini tapmış “pis, xoşagəlməz səsə malik olub, özünü xoş avaz sayan” ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə kifayətlənmir, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib tədbir görülməsini xahiş edir. Əhməd əfəndi “Qurban bayramı” məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə edir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı donoslarında qeyd etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşıb, Səid Ünsizadə cəzasız buraxılıb. Bu barədə də tədqiqatçılar yazır.

Tədqiqatçılar onu da bildirir ki, “Ziyayi-Qafqaziyyə” qəzeti süquta doğru getdiyi dövrdə Tiflisdə “Kəşkül” adlı jurnal buraxılmağa başlanır. Jurnalın naşiri “Ziyayi-Qafqaziyyə”nin redaktoru Hacı Səid əfəndi Ünsizadənin ortancıl qardaşı Cəlal Ünsizadə idi.

Tədqiqatçılar yazır ki, Cəlal Ünsizadə 1876-cı ildə Tiflisə köçüb. İlk illər o, pedaqoji fəaliyyətini davam etdirir, Tiflisdə azərbaycanlılar üçün oğlan məktəbi açır. Səid Ünsizadə “Ziya” qəzetini nəşr etməyə başlayanda Cəlalı da qəzetçiliyə cəlb edib.

C.Ünsizadə müstəqil qəzet çıxarmaq fikrinə 1882-ci ildə düşüb. Həmin il mayın 1-də Qafqaz canişininin baş idarəsinə yazdığı məktubda o, “Kəşkül” adlı jurnal çıxarmaq istədiyini bildirirdi. Onun xahişi 1883-cü ildə yerinə yetirildi. Həmin ilin yanvar ayında jurnalın birinci nömrəsi çıxdı.

Arxiv sənədlərini araşdıran tədqiqatçılar yazır ki, Cəlal Ünsizadə jurnalı çətin şəraitdə buraxırdı. Mətbəə avadanlığı çatışmırdı. İşçi qüvvəsi yox idi. Şagird dəftərindən azca böyük olan, iki həftədə bir dəfə çıxarılan, cəmi 10-15 səhifədə buraxılan jurnala böyük əmək sərf edilirdi. Cəlal Ünsizadə təhsil görmüş gəncləri redaksiyaya cəlb etmək üçün lazımi səy göstərirdi. O zaman Tiflisdə işləyən azərbaycanlı müəllimləri tez-tez redaksiyaya dəvət edirdi. 1883-cü ildə Tiflis Gimnaziyasının 6-cı sinfində təhsil alan Məmməd Kəngərli redaksiyada məsul katib vəzifəsinə işə götürülür.

Tədqiqatçıların yazdığına görə, jurnalın redaksiyası Tiflisdə dar bir küçədə iki yarıqaranlıq otaqda yerləşirdi. Bu otaqların birində tən ortada iri masa, divarın yanında isə yazı masası qoyulmuşdu. Masanın üzərində redaksiyanın abunə yazdırıb gətirtdiyi müxtəlif rus qəzetlərinin dəstləri düzülürdü. M.Kəngərlinin vəzifələrindən biri həmin qəzetləri diqqətlə oxumaq, lazımi materialları tərcümə etmək idi.

C.Ünsizadə və M.Kəngərli məqalələrin tərtibi və jurnalın nəşri məsələlərinə də bilavasitə özləri nəzarət edirdilər.

“Kəşkül” 11 nömrə jurnal şəklində çıxdıqdan sonra C. Ünsizadə onu qəzetə çevirdi.

“Ziya” qəzetinə nisbətən “Kəşkül”ün həm mövzu dairəsi geniş, həm də məqalələrin yazılış forması müxtəlif idi. “Kəşkül” həyatın hər sahəsindən məlumat verən zəngin materiallar “çantasına” bənzəyirdi. Qəzetə “Kəşkül” adı verilməsi elə bununla əlaqədar idi.

C.Ünsizadə “Kəşkül”də ərəb, fars və rus dillərində də materiallar verməyi nəzərdə tuturdu. O bir sıra Şərq ölkələrində qəzet üçün müxbirlər yetişdirmək, həmin ölkələrdən maraqlı yazılar dərc etmək niyyətində idi.

Redaktor bu təşəbbüsünü yerinə yetirə bilmədi. O təkcə qəzetdə ara-sıra farsca və rusca verilən məqalələrlə kifayətləndi.

“Kəşkül”ün müxbir heyəti və müəllifləri özündən əvvəlki qəzetlərə nisbətən geniş idi. Özü də bu müəlliflərin tərkibi beynəlmiləl idi. Azərbaycan yazıçı və publisistlərindən H. Zərdabi, S. Ə. Şirvani, F. B. Köçərli, M. Şahtaxtinski, S. M. Qənizadə, M. Sultanov, S. Vəlibəyov, G. Kəngərli, Ə. Qayıbov, R. Axundov qəzetə bədii əsərlər, publisist məqalələr yazdıqları kimi, rus pedaqoqu və publisisti A. Çerniyayevski, gürcü şairi İ.Çavçavadze, Ukrayna yazıçısı N. Qulak, erməni yazıçılarından Raffi, A. Şirvanzadə və başqaları da qəzetin işinə cəlb olunub.

Qəzetdə dil, ədəbiyyat, incəsənət, elm, maarif və s. məsələlərə dair nəzəri və publisist məqalələr, orijinal bədii əsərlər, rus, Avropa və Şərq ədəbiyyatından tərcümələr çap olunurdu. “Kəşkül” “Əkinçi” ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi”yə daha artıq dərəcədə meyli hiss edilir. Klassiklərin irsini yaymaqda qəzet mütərəqqi iş görüb.

Respublikanın əməkdar müəllimi, tədqiqatçı Nazim Nəsrəddinov milli mətbuat tariximizin formalaşmasında, mətbuatın inkişafında xüsusi rolu olan Ünsizadə qardaşları barəsində maraqlı fikirlər irəli sürür.

N. Nəsrəddinovun bildirdiyinə görə, türk dünyasının mətbuat tarixində vaxtilə – Bakıdan əvvəl Azərbaycanın paytaxtı olan Şamaxıda dünyaya göz açan Ünsizadə qardaşlarının əvəzsiz xidmətləri olub: “Ünsizadələr üç qardaş idilər. Şamaxı mədrəsəsində müəllim işləyən, klassik üslubda “Ünsi” təxəllüsi ilə şeirlər yazan və bu yazıları ilə Şamaxı ədəbi mühitində özünə layiqli yer tutan Əbdürrəhman əfəndi oğlanlarına yaxşı adlar seçib. Böyüyün adı Səid idi. Ata ortancıl oğluna Cəlaləddin, lap kiçiyinə isə Kamal adı vermişdi.

Qardaşlardan böyüyü Səid əvvəlcə Şamaxıda, sonra isə Şərq ölkələrində oxumuş, ali dini təhsil alandan sonra Şamaxıya qayıdır, məktəbdarlıqla məşğul olur, bir müddətdən sonra – 1870-ci ildə iqamətgahı Şamaxıda yerləşən Bakı Quberniyası Əhli -Təsənni İdarəsinə üzv seçilib. Sonralar M.F.Axundovun yaxın dostlarından biri olan Əbdülhəmid Əfəndi Zaqafqaziya müftisi seçilərək Tiflisə gedəndən sonra Səid Ünsizadə Bakı qubernatoru D.Staroselskinin əmri ilə Şamaxı qazısı və Ruhani İdarəsinin sədri vəzifəsinə təyin olunur. S.Ünsizadə bu vəzifədə işləyərkən həm öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, həm də maarif və mədəniyyət məsələləri ilə ciddi məşğul olub, Bakı qubernatorunun hüsn və rəğbətini qazanıb. Onun bu istiqamətdəki ən önəmli işi 1874-cü ildə D. Staroselskinin icazəsi ilə yaradılan Şamaxı “Məclis məktəbi” idi. Bu məktəb adı pedaqogika tariximizə düşən məktəblərdəndir. “Məclis məktəbi” yeni tipli təhsil ocaqlarından idi. Quberniyanın digər məktəblərindən fərqli olaraq, burada şagirdlərin sağlamlığına, təhsil və tərbiyəsinə də fərqli yanaşma var idi. Şagirdlər skamyada oturur, yazılar yazı lövhəsində yazılır, ana dili ilə yanaşı, burada ənənəvi Şərq dilləri keçilir, müəllimlər dərslə yanaşı, dərslik və müxtəlif risalə və kitabçaların yazılmasında fəallıq göstərirdilər.

Təkcə bu faktı göstərmək gərəkli görünür ki, bu məktəbdə işləyən müəllimlər XIX əsrin 80-ci illərində Azərbaycan dilində uzun müddət məktəblilərin oxu və dərslik kitabları kimi tanınan bir neçə mükəmmməl əsərin müəllifləridir.

1876-cı ildə Səid Ünsizadəni Tiflisə dövlət əhəmiyyətli bir layihənin hazırlanma işinə çağırırlar. Söhbət dini idarələrin fəaliyyəti ilə ilgilidir. S. Ünsizadə ona tapşırılan işin öhdəsindən gəldiyinə görə Tiflisdə daimi işdə qalır. O, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin əvvəlcə ştatda olmayan əməkdaşı kimi fəaliyyətə başlayır”.

əvvəli, ardı var

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 16 iyul.- S. 15.

Source: anl.az