Bayandurlu sultan Uzun Həsənin öz soyu və elinin tarixinə dair yazdırdıqları

Kitab-i Diyarbəkriyyə (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə hicri 875-ci (miladi 1470/1471-ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında Əbubəkr Tehrani tərəfindən farsca yazılmış əsərdir. Bu əsərdə müəllif Uzun Həsənin babası Osman bəydən başlamaqla Hz. Adəmə qədər 70 əcdadının adını göstərmişdir. Əlbəttə təxmini anlaşılır ki, 55-cü babası olan (Oğuz xanın atası) Qara xandan öncə gələnlərin adı islami şərqin ənənəsinə uyğun davam etdirilmişdir (daha doğrusu “uydurulmuşdur”).

Uzun Həsənin 23-cü babası haqqında əsərdə yazdırdıqları[1]:

İyirmi üçüncü: Sonqur bəy. O, peyğəmbərlərin sonuncusu və başçısı Məhəmməd ibn Abdullah ibn Əbdülmütəllibin — ona və nəslinə salam olsun ! — dövründə hakimiyyətdə olub. O, tövhid tərəfdarı idi, lakin islama dəvət edilməmişdi. Daim kafirlərlə vuruşmuşdu, çoxlu eli, obaları və qəbilələri var idi. Yetmiş il Türküstanda hökmdar olub. Qıbçaq çölünə gəlib iyirmi il oranın yaylaq və qışlaqlarında olub. Ondan sonra Alagöz yaylağınaGöyçə dənizinə tərəf gəlmiş, bu sərhəddə kafirlərlə müharibə etmişdi. Döyüşlərin birində ona ox dəymiş və o, Allahın dəvətini qəbul etmişdi.

Uzun Həsən özünün 52-ci babası saydığı (Oğuz xanın nəvəsi, Gün xanın oğlu) Bayandur xan haqqında əsərdə yazdırdıqları[2]:

Əlli ikinci: Padşah Bayandur xan. O, öz padşahlığı dövründə İran, Turan, Rum, Şam, Misir, Əfrənc, Xətay, Dəşti–Qıpçağı tamamilə fəth etmişdi. Becənaq onun kiçik qardaşı idi və onu Sayramda öz canişini təyin etdi, özü isə Qarabağ qışlağınaGöyçə dəniz yaylağına yollandı. Böyük qurultay çağırdı, çoxlu camaat yığdı və əzəmətli məclis qurdu. Çox böyük qızıl çadır qurdu ki, türkcə buna “ban ev” deyirlər. Yüz iyirmi min erkək qoyun, doqquz min madyan, on səkkiz min inək kəsildi. Üç su hovuzunu (türkcə buna “göl” deyirlər), birini şərbət, birini süd, o birini də saf bal ilə doldurdu və bunlar hamının ixtiyarına verildi. Həddən ziyadə qızıl və gümüş, beş yüz naxışlı kəmər və kəmərlərin üstündə qızıl və gümüş qılınclar bəxşiş etdi. Məmləkətini öz övladları arasında onların qabiliyyətlərinə görə böldü. Bir neçə gündən sonra Allahın dəvətini qəbul etdi.

Uzun Həsənin 54-cü babası Oğuz haqqında yazdırdıqları[3]:

Əlli dördüncü: Oğuz. Allahdan qorxan, pak bir padşah idi. İran, Turan, Şam, Misir, Qıbçaq çölü, Hindistan, Kəşmir, Xətay, Türküstan və yer üzərindəki digər məmləkətləri öz ölkəsinə çevirdi. Altmış il dünyanı gəzdi. Alınmaz qalaları fəth etdi. Çoxlu ölkələr tutub təmizlədikdən sonra Sayram şəhərinə qayıtdı. Bura onun əsl məskəni idi. Geri qayıdıb çoxlu camaat yığdı. Parıltısı Ayın üzərinə düşən çoxlu çadırlar qurdu. … Bu toyda yüz iyirmi min qoç, doqquz min madyan at, on səkkiz min inək sərf olundu. Orduya və qəbilə başçılarına nəğd qızıl və gümüş paylandı. Məmləkətini oğlanlarına verdi. Göyçə dəniz tərəfdə əcəl “Allahın müəyyən etdiyi vaxt mütləq gələcəkdir” ayəsinə uyğun olaraq, atını onun üstünə çəkdi və onu bu fani dünyadan əbədi dünyaya apardı.

İstinadlar:

[1] Əbubəkr Tehrani, 1998, s. 43
[2] Əbubəkr Tehrani, 1998, s. 46
[3] Əbubəkr Tehrani, 1998, s. 46-47

Ədəbiyyat:

Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz və şərhlərin müəllifi R. Şükürova; Redaktor: O. Əfəndiyev. Bakı: “Elm” nəşriyyatı, 1998, 336 s. ISBN 5806609359