Məhəmməd ibn Cərir ət–Təbəri

Məhəmməd ibn Cərir ət–Təbəri (ərəb. محمد بن جرير الطبري; fars. محمد بن جریر طبری; ing. Muḥammad ibn Jarīr al–Ṭabarī; rus. Мухаммад ибн Джарир ат–Табари; türk. Muhammed İbn–i Cerir el–Taberî; tam adı: Əbu Cəfər Məhəmməd ibn Cərir ibn Yezid ibn Kəsir ibn Qalib ət–Təbəri əl–Amuli/əl–Bağdadi; d. 224–225/839, Amul — ö. 310/923, Bağdad) təbəri/mazandarani əsilli məşhur (müfəssir, tarixçi, mühəddis və fiqh) islam alimi idi. İslam və ümumən dünya tarixçiliyində xüsusi çəkisi ilə seçilən “Tarix ər–rüsul və–l müluk/Peyğəmbərlər və hökmdarlar tarixi” (ərəb. تاريخ الرسل والملوك‎‎; ing. Tārīkh al–Rusul wa al–Mulūk/History of the Prophets and Kings; rus. Тарих ар–русул ва–л–мулук/История пророков и царей; türk. Tarih el–rüsul ve–l–mülûk/Peygamberler ve Hükümdarlar Tarihi) əsərinin müəllifidir.
Bütün digər əsərləri kimi (ümumilikdə 20–dən çox əsəri məlumdur) onu da ərəbcə qələmə almışdır. Əsər yaradılışdan hicri 302–ci ilin zilhiccə (miladi 915–ci ilin iyul) ayına qədər baş vermiş hadisələrdən bəhs edir. Bu əsərin əsli ilk hazır olduğu tarixdə (miladi 915–ci ildə) 30 min vərəqə yazılı imiş, həcminin belə böyük olması oxunmasını çətinləşdirdiyi üçün müəllif ixtisara getmişdir və əsəri yenidən şəkilləndirmişdir. Buna rəğmən əsərin yekun şəkli də günümüzə gəlib çatmayıb. Hazırda əldə olan əlyazmalarına əsasən demək olar ki, əsərin 12 cildi tam, 13–cü cildi isə yarımçıq olaraq zamanımıza gəlib çatmışdır. Bu mətn ilk dəfə tam şəkildə 1879–1901–ci illərdə Leydendə (latınca: Lugduni Batavorum) “E. J. Brill” nəşriyyat evi tərəfindən çox sayda şərqşünasın iştirakı ilə hazırlanaraq 3 seriyada 15 cild (1–ci seriya 6 cild, 2–ci seriya 3 cild, 3–cü seriya 4 cild, önsöz və sözlük 1 cild, indeks 1 cild olmaqla) şəklində çap edilmişdir. Ümumən bütün nəşrin baş redaktoru holland əsilli ərəbşünas Maykl Yan dö Xuye (nid. Michael Jan de Goeje; d. 1836 – ö. 1909) idi, o həmçinin bir neçə cildin mətnini şəxsən özü nəşrə hazırlamışdı. Saytda bu nəşrin bütün kitablarını, həmçinin bu nəşr əsasında hazırlanmış ingiliscə tərcümənin bütün kitablarını tapa bilərsiz.