Quba, aprel-may 1918-ci il: müsəlman qırğınları sənədlərdə (2013)

Quba, aprel-may 1918-ci il: müsəlman qırğınları sənədlərdə (2013)
Title:Quba, aprel-may 1918-ci il: müsəlman qırğınları sənədlərdə (Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri)
Author:Solmaz Rüstəmova-Tohidi
Translator:
Editor:
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:Çaşıoğlu
Year:2013
Pages:316
ISBN:
File:PDF, 21.2 MB
Download:Click here
Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2010-cu ildə nəşr olunmuş “Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə” (Bakı, 552 s.) adlı sənədlər toplusunun qısaldılmış variantıdır. Bu nəşr I dünya müharibəsi başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci ilin 15 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış “Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədləri” silsiləsindən olan ikinci sənədlər toplusudur. Kitaba 1918-ci ilin aprel-may aylarında Quba qəzasında baş vermiş faciəli hadisələri təsbit edən “Quba şəhərinin və Quba qəzası kəndlərinin talan edilməsi haqqında” istintaq işi üzrə FTK-nın sənədləri daxil edilmişdir. Sənədlərdə bir neçə gün ərzində Quba qəzasında 4 mindən artıq dinc müsəlman sakinin, o cümlədən qadın, uşaq və qocaların vəhşicəsinə qətlə yetirildiyi, yüzlərlə kənd, məscid, mülki obyektlərin yandırıldığı və dağıdıldığı, qəzanın bütün müsəlman – azərbaycanlı, ləzgi, tat, avar, qrız və digər əhalisinə məxsus əmlakın qarət olunması və məhv edilməsi kimi faktlar öz əksini tapmışdır. Toplunun üç fəslində müsəlman qırğınlarının başlanması və gedişinin tarixi xronologiyasını yaradan Quba şəhəri və Quba qəzası kənd sakinlərinin şahid ifadələri, eləcə də Quba şəhər polis nahiyələri və qəzanın kənd cəmiyyətləri tərəfindən tərtib edilmiş aktlar toplanmışdır. Bu aktlarda Quba hadisələri zamanı qətlə yetirilmiş, işgəncə verilmiş və zərərçəkmiş insanların adları, yaşı, cinsi, sayı haqqında ətraflı məlumatlar gətirilir, müsəlman əhalisinə vurulmuş zərərin həcmi ilə bağlı dəqiq rəqəmlər, yandırılmış, darmadağın edilmiş və xaraba qoyulmuş kəndlərin adları göstərilir. Toplunun sənədləri erməni hərbi birləşmələrinin cinayət əməllərini tam təfərrüatı ilə geniş şəkildə ifşa etməklə bunu deməyə əsas verir ki, 1918-ci ilin Quba hadisələri erməni millətçilərinin gələcək “Böyük Ermənistan” dövləti üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün bölgələrində müsəlman əhalisinin sayını maksimum dərəcədə azaltmağa çalışan irimiqyaslı əməliyyatlarının və planlarının tərkib hissəsi olmuşdur. Sənədlər toplusuna həmçinin müəllif tərəfindən yenidən işlənmiş elmi-tarixi oçerk, müfəssəl yardımçı – informasiya aparatı, mövzuya dair foto-şəkillər və Quba qəzasının 1918-ci il xüsusi məzmunlu xəritəsi daxil edilmişdir.