Ünsizadələrin ana dili təəssübkeşliyi…

Azərbaycan mətbuat tarixinin formalaşmasında rolu olan bir sıra qəzet və jurnallar var ki, onların fəaliyyəti, gördüyü işlər, daşıdığı missiya çox şərəflidir. XIX əsrin son 25 ilində Azərbaycan və rus dillərində saysız nəşrlər mövcud olub.

1875-ci il iyulun 22-də milli mətbuatımızın ilki olan “Əkinçi” meydana gəldi. “Əkinçi”yə qədər müxtəlif vərəqələr çap olunurdu. O vərəqələrdə əsasən çarın qərar və göstərişləri işıq üzü görürdü. “Əkinçi” isə tamam başqa bir missiya ilə meydana atıldı. Onu da bildirək ki, “Əkinçi”nin açdığı cığırla “Kaspi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” və digər nəşrlər gedib.

Tədqiqatçılar yazır ki, Tiflisdə – regionun baş şəhərində yaşamaq imkanı C.Ünsizadəni milli əhəmiyyətli işlərlə məşğul olmağa sövq edir. N.Nəsrəddinovun bildirdiyinə görə, Bakıdan Qafqaz Canişinliyinə rəhbər vəzifəyə dəvət alan C.Ünsizadə hələ Şamaxıdan tanıdığı D.Staroselski ilə dosluq münasibətlərindən istifadə edərək Tiflisdə çap işləri ilə məşğul olmaq fikrinə düşür. Əvvəlcə daş basmaxanası (litoqrafiya) açır, İstanbuldan müxtəlif mətbəə avadanlıqları alıb gətizdirir: “C.Ünsizadə Azərbaycan dilində mətbəə və mətbuat işlərini qüvvətləndirmək üçün ortancıl qardaşı Cəlaləddin əfəndini də Tiflisə dəvət edir. Ünsizadələr nəslinin bir neçə gənc üzvü də mətbəə işinə – müəyyən mətbəə peşəsi üzrə fəhləliyə dəvət edilir. C.Ünsizadə 1878-ci il dekabrın 12-də Tiflisdə “Ziya” adlı həftəlik qəzetin nəşrinə icazə alır. Hakim dairələrə tanışlıq üçün göndərilən proqramında “Ziya” qəzetində dövlət sərəncamları, xarici və daxili xəbərlər, müxtəlif növ həvadislərin (əhvalatların), felyetonların çap ediləcəyi bildirilirdi. Qəzetin ilk nömrəsi 1879-cu ilin yanvar ayının əvvəllərində çap edilib. Qəzetin 1879-cu il yanvar ayında çıxan ilk 2 nömrəsi tədqiqatçılara məlum deyil. “Ziya”nın 1879-cu il fevralın 8-də çıxan 3-cü nömrəsinin tarixinə əsasən ilk nömrənin 1879-cu il yanvarın 18-də çıxdığını söyləmək olar. “Ziya”nın birinci səhifəsində iki sünbül çələngi arasında adı və dərc olunduğu il göstərilib. Başlığın yerləşdirildiyi çələngin sağında oxuculara mətbu orqanın imtiyaz sahibi tanıdılır: “Qəzetəni verən Səid Ünsizadə. Qəzetəmiz basılmaqdan (litoqrafiya çapından-N.N.) ötrü göndərilən kağızları idarəmiz basmaqda muxtardır. “Ziya” qəzetəsinin idarəxanəsi Vorontsov küçəsində Ağa Əli Əsgərovun 35 nömrəli xanəsindədir. Yazı işləri və qəzetə mütəəlliq hər bir növ kağızlar qəzetə müdirinin adına göndərilir”. Qəzetin başlığı yerləşdirilən çələngin sol tərəfində qəzetin çıxarılmasında Cəlaləddin əfəndinin səlahiyyəti və qəzetin reklamla bağlı şərtləri sadalanır: “Qəzetə ümuratının (işlərinin, əmrlərinin-N.N.) müdir və mühərriri Cəlal Ünsizadə. Qəzetəmizin bir sənəlik qiyməti-1 manat, altı aylığı 4 manat, bir nüsxəsi-15 qəpik, elannamələrin hər bir sətrinə 10 qəpik. Mənfəətlü və yaxşı xəbərlər pulsuz qəbul və təb olunur”. Qısa bir müddətdə “Ziya” türk dili başa düşülən bütün türk torpaqlarına qanad açır, yerlərdən qəzetin idarəxanəsinə məktublar axışır. Rusiyanın mərkəzi yerlərinin birində – Tambovda sürgündə olan “Əkinçi”nin əkinçisi Mirzə Həsən Əlqədari, İstanbuldan şirvanlı Şahin əfəndi, Münif əfəndi, Bağçasaraydan İsmayıl bəy Qaspralı, Şamaxıdan S.Ə.Şirvani, Zərdabdan Həsən bəy Məlikzadə-Zərdabi, Göyçaydan İsmayıl Nazirzadə, İrəvandan Abbas ağa Məhəmmədzadə, Tiflisdən şeyxülislam Əhməd Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, anası alman, atası fransız olan məşhur rus şərqşünası və qafqazşünası A.P.Berje, vaxtilə Rusiyanın İstanbulda və sonralar Təbrizdə konsulu olan Valerian Vladimiroviç Bezobrazov, Moskvadan Əlisəfa, R.Əliyev, N.Vəzirov və başqaları “Ziya”ya məktublar göndərir. Müxtəlif məzmunlu bu məktub və məqalələr türk dünyasının ziddiyyətlərlə dolu olan bir zaman kəsimini öyrənmək baxımından çox maraqlıdır”.

Tədqiqatçı bildirir ki, C.Ünsizadə türk dünyasını öz ətrafına toplaya bilib. Onun qeyd etdiyinə görə, həftədə bir dəfə çıxan qəzet çətinliklərlə qarşılaşsa da, Ünsizadə qardaşları türkdilli mətbuatın tərəqqisi yolunda israrlı idilər: “Qəzetdə bəzən süni qarşıdurma yaradılırdı. C.Ünsizadə qəzetin baş məqalələrinin birində təklikdə deyə biləcəyi sözləri bərkdən söyləyir, Cəlal əfəndidən qəzetin dilinə ciddi fikir verməyi ona irad tutur, “hər kəsə öz xörəyini verməyi ondan tələb edirdi”. Böyük qardaşının yanında zəngin mühərrirlik məktəbi keçən Cəlal əfəndi 1882- ci il may ayının 12-də hökumət dairələrində 1882-ci ilin sentyabr ayından ayda bir dəfə çıxarmaq şərtilə Tiflisdə “Kəşkül” adlı məcmuə çıxarmağa icazə istəyir. Qafqaz Senzor Komitəsi 1882-ci il oktyabrın 20-də Cəlal Ünsizadəyə “Kəşkül” adında jurnal (“Kəşkül” səhifələrində onu “məcmuə”, “cəridə” də adlandırırlar) çıxarmağa icazə verir. Cəlal Ünsizadə əqidəsinə, ağıl və fərasətinə inandığı ziyalıları ətrafına toplayaraq, əvvəlcədən müəyyənləşdirdiyi və dostları ilə məsləhətləşdiyi proqram əsasında 1883-cü ilin yanvar ayının 31-də 28 səhifəlik “Kəşkül” jurnalını qardaşı Səid Ünsizadənin “Ziya” adı ilə tanınan mətbəəsində çap etdirdi. Türk dünyasında yaxşı təbliğ edilən, yaxşı işıqlandırılan, “Ziya” qəzetində böyük təcrübə qazanan və bunu dəfələrlə özü etiraf edən İsmayıl bəy Qaspralının “Tərcüman” qəzetinin nəşrinə hələ 2 ay 10 gün qalırdı. (İ.Qaspralının “Tərcüman” qəzetinin ilk nömrəsi 1883-cü il aprelin 10-da çıxıb). Kəşkül hind qozu qabığından hazırlanan dərviş çantasıdır. “Kəşkül” sözü klassik Şərq ədəbiyyatında “ədəbiyyat, şeir toplusu” məzmununu da verir.

Cəlal Ünsizadə jurnalın müqəddəməsində bu münasibətlə özü belə yazırdı: “Bu cəridədə nə növ mətləblər yazılacağını bugünkü nüsxənin elanat səhifələrində zikr edirik, amma burada bunu demək istəyirik ki, məcmuəmizin əsl dili və ibarəsi məmləkətimiz müsəlmanlarının məfhumi olan Türki Azərbaycan dilindən ibarət olacaq. Amma bununla belə, ərəbi və farsi dili sevən müsəlman qardaşlarımız dəxi bu cəridə vasitəsilə faidə alıb, faidə verməklər üçün aradabir məzkur dillərdə dəxi əhvalat və məqalət qəbul və dərc olunacaq. Nə fənuni-maddi və ülumi-dünyəvi təxmlərin müstəhəqqinə (toxumların layiq olanına-N.N.) əta etməgə qüdrəti olan (Əkinçilərdən) olduğumuzdan və nə də zülməti-zəlalət və cahi-cəlalətdə qalmışlara ziyanəxş olmaq qüvvəsinə nail olan ürəfadan hesab olunduğumuzdan, yəni ülumi-zahiri və batinidən ari (təmiz-N.N.) bir fəqir dərviş olduğumuz məlum ikən dər-öhdə aldığımız ƏMƏK VƏ ƏMƏL ÇANTASI dəxi kəşküldən ibarət olacaq. Bu səbəbdən təb və nəşrinə rüxsət aldığımız cəridə “Kəşkül” namını (adını-İ.S) alır”.

“Kəşkül”ün üz qabığında məcmuənin adı, adın altında ilk nömrənin tarixi hicri və miladi təqvimlə göstərilib: hicri-1200, miladi-1883. Sonrakı sətrdə jurnalın ədəbiyyat və siyasiyyatdan bəhs edəcəyi yazılıb. Mötərizədəki sözlər xüsusilə qabardılır: türki və farsi və ərəbi məqalatı dərc edir. Sonra aylıq məcmuə olduğu göstərilir”.

Tədqiqatçı qeyd edir ki, daha sonrakı sətirlər belədir: Birinci sənə. Mah-rəbiüləvvəl -1300 (müsəlman qəməri ilinin üçüncü ayı- N.N.). Ədəd-1 (birinci nömrə- N.N.) Jurnalın birinci nömrəsi mənzumə şəklində yazılmış dua ilə başlayır. “Kəşkülün müqəddiməsi” başlıqlı yazının müəllifi Cəlaləddindir: “Yazıda Azərbaycan mətbuat tarixinə ekskurs edilir, “Əkinçi”, “Ziya” qəzetlərinə düzgün qiymət verilir. “Kəşkül”ün birinci nömrəsindəki “Mətbəə və mətbuat” başlıqlı yazının müəllifi göstərilmir. Yazının bu nömrədəki hissəsinin sonunda müəllif göstərilməyib. Oxucu onun davamını məcmuənin ikinci nömrəsində axtarmalı olur. Bu yazıdakı fikirlərin çoxu “Ziya” qəzetində dəfələrlə səslənib. Görünür, “Ziya”da imzasız çap olunan məqalələrin müəyyən hissəsi Cəlal Ünsizadənindir. O da təzə mətbu orqanda “Ziya”dakı fikirlərini “Kəşkül”ün oxucuları ilə bölüşmək fikrinə düşür. Cəlal Ünsizadə “Kəşkül”də yazır: “Bizlərdən çoxu var ki, mətbəə və mətbuat nə olduğunu bilməz və bilmək dəxi istəməz”.

Müəllif bilmək, öyrənməkdən üz çevirənlərə onların məşğul olduqları boş və bihudə xəyal aləmindən ayırmalarını vacib sayır. Oxucu ilə belə fikir mübadiləsinə başlayan müəllif cəmiyyətin inkişafında mətbəə və mətbuatın rolunu düzgün qiymətləndirərək, mətbəə və mətbuatın millət və qövmin düşüncə tərzində öz əksini tapdığı qənaətinə gəlir. “Kəşkül”dəki felyetonlar da oxucuları narahat edən məsələlərə həsr olunub. XIX əsrin 70-80-ci illərində felyeton qəzetin, jurnalın indikindən fərqli məna bildirirdi. Felyeton əvvəllər ciddi janr sayılırdı. Felyetonun qəzet və jurnallarda daimi yeri olurdu. Sonralar felyetonlarda qaldırılan məsələlərdə özünü göstərən bir sıra nöqsanlar oxucuda gülüş doğurub, felyetonlar əvvəlki müsbət çalarlarını itirib. Jurnaldakı felyetonların birinin müəllifi S.Atamalıbəyovdur. Bu yazı “Aldığımız bir vərəqədir” adlanır”.

Tədqiqatçının yazdığına görə, jurnalın ilk nömrəsində A.Bakıxanovun “Təhzibül-əxlaq” əsəri haqqında yazı müəlifinin düşüncələri (davamı ikinci nömrədədir-N.N.) də özünə yer tapır. Jurnalda 1877-ci il Dağıstan hadisələrinin də işıqlandırıldığını qeyd edən müəllif bildirir ki, dərgidəki ədəbiyyat bölümünün yazıları da oxucuların diqqətini cəlb edir. Onun qeyd etdiyinə görə, “Əmsali-Loğman”dan seçilən yazı “Bir arslan ilə iki Öküz” adlanır:

“Tərcümənin müəllifi Cəlaldır. Jurnalın 24-ü səhifəsində dərc olunan “Qurani-Əzim Alişan” şeirinin müəllifi (Seyyid) kimi göstərilib. Mövzusu itirilən rejimin ideologiyasına uyğun gəlmədiyinə görə bu şeir S.Ə.Şirvaninin heç bir əsərinə daxil edilməyib. Jurnalda rus poeziyasından verilmiş tərcümə nümunələri tərcümə sənətkarlığı baxımından maraqlı görünür”.

Ünsizadə qardaşlarının milli mətbuatımızın inkişafında göstərdikləri əvəzsiz xidmətləri müasir oxucuların diqqətinə çatdırdıq. Azərbaycanda hər zaman təəssübkeş ziyalılar, elm xadimləri, mətbuat pərvanələri yaşayıb fəaliyyət göstərib.

əvvəli var

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 17 iyul.- S. 15.

Source: anl.az