Üzeyir Hacıbəyli irsinə ehtiramın dəyərli nümunəsi

Bundan sonralar da Üzeyir Hacıbəylinin adına, ruhuna, xalqı qarşısındakı möhtəşəm xidmətlərinə minnətdarlıq bildirmək üçün uzun illər çeşidli beynəlxalq və respublika əhəmiyyətli mərasimlər keçiriləcək. Bu payız da ölkəmiz əsrarəngiz, misilsiz Üzeyir bəy musiqisi ilə ciyərdolusu nəfəs aldı.

Peşəkar musiqini duyanlar, onu qiymətləndirənlər dörd bir yandan paytaxtımıza təşrif buyurdular. Dahi insanın həyatı, çoxyönlü fəaliyyəti, xalq, gələcək üçün yaratdığı möhtəşəm irs bu və ya başqa yöndən bir daha yada salındı, zaman eçməsinə rəğmən solmayan, ətrini, şirəsini itirməyən əsərləri yenidən heyrət doğurdu, yaşarlığını büruzə verdi. Üzeyir bəyin doğum gününə ünvanlanan beynəlxalq musiqi bayramı, konfransı, təntənənləri bir daha göstərdi ki, dahi bəstəkar sadəcə musiqi bəstələməmiş, eyni zamanda, milli musiqi nəzəriyyəsinin əsasını qoymuş, ilk milli operanı yaratmış, dərsliklər, lüğətlər hazırlamışdır.

Zənnimizcə, Üzeyir bəyə həsr olunmuş silsilə tədbirlər zamanla keçəcək, lentlərin, filmlərin yaddaşına köçəcək. Tarixdə qalan isə görülən iş olacaq. Tarixdə qalanlar sırasında Üzeyir bəyə layiq töhfələr içərisində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 2013-cü ildə hazırlanmış və muzey xətti ilə çap olunmuş müəllifi Üzeyir bəy olan “Türk-rus və rus-türk lüğəti”nin yeni çapı dahi şəxsiyyətin adına bağışlanan ən dəyərli töhfədir. “Yeni çap” o anlama gəlməsin ki, ötən 100 ildən artıq zaman içərisində lüğət bir neçə yol işıq üzü görüb, yada salınıb. Əsla. Lüğət 1907-ci il 10 iyulda Bakıda “Türk-rusi-rusi-türk lüğəti” adı ilə Orucov qardaşlarının mətbəəsində nəşr edilib. Bir əsr, bir qərinədən bir qədər də sonra, yenidən “Lüğətə” qayıdış onun bu şəkildə nəfis tərtibatı, çapı, lüğətçilik baxımından akademik səviyyədə hazırlanan mətni, redaktəsi, ön sözü, əlavələri, şərhləri, əcəba, nələrdən xəbər verir? Qayıdışın səbəbini kitabın müəlliflərinin dili ilə desək, Azərbaycan xalqının mədəni, dünyaya açıq, ilhamlı, örnəklik bir toplum kimi tərəqqisi, kamilləşməsi, cilalanıb rövnəqlənməsi davam edirsə, əlbəttə ki, bu, yenə Üzeyir bəyin bizimlə yol yoldaşı olmasının, yönəldiciliyini elə əvvəlki tərzdə və nizamda irəlilətməsinin təsdiqi deməkdir.

Dəyərli əsərin – lüğətin müəllifləri filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu, filologiya üzrə fəlsəsə doktoru Şəhla Abdullayevadır. Kitabın elmi məsləhətçisi, ön sözün müəllifi də R. Hüseynovdur və Rafael müəllim kitaba “Millət “Əlifba”çısının köhnəlməz Sözlüyü” adlı qiymətli, elmi tutumlu “Giriş”ində bir daha yada salır ki, xalqımızın çox dəyərli insanları olub, var, olacaqdır da. Lakin Üzeyir bəyi fərqləndirən onun bir məcraya yönələn dürlü çalışmalarının və gəncliyindən dahilik silqətini daşımış şəxsiyyətinin fəlsəfəsini müəyyənləşdirən, onu fövqəladələşdirən, yaşadığı zaman çərçivəsinə sığmazlaşdıran, keçmişin və gələcəyinki edən odur ki, müstəsna kişi yolunun lap başlanğıcından ömrünün sonunadək Millət Quruculuğu, Milli Düşüncə və Milli Zövq Memarlığı ilə məşğul olmuşdur.

Üzeyir bəyin möhtəşəm yaradıcılığına bundan dəyərli, dürüst qiymət vermək mümkündürmü? Bu yalnız qədirşünaslıq edib qiymətləndirmək deyil, həm də dahi şəxsiyyətin əməllərinin, çalışmalarının mahiyyətini, mündəricəsini anlayıb da söz deməkdir.

Məlumdur ki, milli lüğətçiliyimizin yaranma tarixi 700 ildən çoxdur. Üzeyir bəyin hazırladığı “Lüğət” bu silsilənin ən önəmli halqalarındandır. Həmin orijinal lüğət 124 səhifədən ibarət olub, orada Azərbaycan-türk dilində işlənən rus, ərəb, fars, türk və s. mənşəli 1150 söz, termin, istilahın tərcüməsi, 900-dən artıq sözün izahı, rus dilində isə 1000-dək lüğət vahidinin tərcüməsi zəngindir. Kitaba lüğətə müraciət edən müəlliflər onun transfoneliterasiyasını verməklə bir sıra dəyişikliklər etməyi də lazım bilmişlər. Çağdaş tədqiqatçı, filoloq üçün rahatlığını nəzərə alaraq kitabı, müasir Azərbaycan əlifbasına uyğunlaşdırmışlar, bu halı rus bölümünə də tətbiq etmişlər. Əsərdə bir çox sözlərin müasir anlamı da aydınlaşdırılmışdır. Bu nəcib işlərin yerinə yetirilməsində fəlsəfə doktoru Şəhla Abdullayevanın əməyi xüsusi qeyd edilməlidir.

Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü R.Hüseynovun qeyd etdiyi kimi, nəşrin elmi sanbalını təqdim etmək və ilkinliyini qorumaq xatirinə “Lüğət”in əslinin faksimilesi də əsərə daxil edilmişdir. Orijinal nüsxə üzərində işlədikcə müəlliflər XX yüzilin əvvəlləri Azərbaycan ictimai-siyasi, mədəni, elmi mənzərəsinin çox müxtəlif qatları haqqında bilgi verən sözlərlə, ifadələrlə rastlaşmışlar. Lüğətdə təqdim edilmiş hər kəlmə, ifadə, gəlmə söz, kitabın elmi redaktorunun qeyd etdiyi kimi, əsrin əvvəllərində baş verən “siyasi burulğanlar”dan xəbər verir. Bir çox terminlərin izahı zamanı Üzeyir bəy böyük haşiyələr çıxır, tarixə ekskurs edir, çağdaş ictimai-siyasi həyatda işlədilən yeni ifadə və gəlmə sözlərin açıqlamasını verir. Bu faktların özü Üzeyir bəyin rus, ərəb, fars dillərinə bələdliyinə işarə verir və “Lüğət”in tərtibçilərinin söylədiyi kimi, tədqiqat üçün lazım olan ən azı dörd dilin dördünə də Üzeyir bəyin mükəmməl səviyyədə aşina olmasından xəbər verir.

“Lüğət”in 1907-ci il çapının naşiri Məmməd Əmin Rəsulzadə olmuşdur. Görkəmli ictimai-siyasi xadim M. Ə. Rəsulzadə Üzeyir bəyin “Lüğət”inə mühüm dəyər verir. O, yazıda – ədəbi dildə, şifahi nitqdə – canlı danışıqda alınma sözlərin üstünlüyünü hec vəclə qəbul etmir, pisləyir, milli sözlərin işlənmə dairəsini genişləndirməyin qızğın tərəfdarı kimi həmkarlarını Ü. Hacıbəylini, Ə. Hüseynzadəni dəstəkləyir. Hətta dini müstəvidə belə M. Ə. Rəsulzadə, ərəbcənin Azərbaycan dilindən üstün mövqe tutması ilə barışmadığını cəsarətlə açıqlayır. “Lüğət”in yaranması və nəşrinin zəruriliyini əsaslandıran M.Ə.Rəsulzadə XIX yüzilin sonları ilə XX əsrin əvvəlindəki nitqi, yazını, mətbuat dilini müqayisə edərək müşahidəsini belə yekunlaşdırırdı. “Üsul-i məişət dəyişdikcə tərz-i lisan da dəyişir. On il bundan irəliki sözlərlə bugünkü əhval ü övza ifadə edilməz”.

Üzeyir Hacıbəyli “Lüğət”inin 1907-ci il nəşrinin hazırlanmasında, o zamankı milli ziyalı pleadasının mühüm şəxsiyyətlərindən olan Əlibəy Hüseynzadənin də böyük rolu olmuşdur. M. Ə. Rəsulzadə ikinci bir kəsin deyil, ümummilli əhəmiyyətli məsələdə Ə.Hüseynzadəyə güvənmiş, onun fikrini əsas götürmüşdür. Yəni, hansı kəlməni hansı sözlə əvəzləmək, hansı ifadələrin milli, canlı dildə işlənən söz birləşmələrilə ifadə etmək səlahiyyətini Ə.Hüseynzadəyə etibar etmişdir. Əsrin əvvəllərində yaşamış, fəaliyyət göstərmiş həmin üçlüyün – Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Əlibəy Hüseynzadənin əməyi ilə ərsəyə gəlmiş “Lüğət”, XX əsrin əvvəlinin siyasi, hüquqi, iqtisadi, hərbi, mətbuat və digər sahələrə aid terminlərini əhatə etmişdir.

Kitaba yazılmış “Ön söz”, yeni nəşrin bir çox dəyərli keyfiyyətlərini açıqlayır, izah edir, onun günümüz üçün də yaşarlığını diqqətə çatdırır. Professor R.Hüseynov “Lüğət”in çox önəmli məziyyəti haqqında yazır: “Lüğət”də dilin dərinlərinə çökmüş, fəal işləklik dövriyyəsindən çıxmış öz türkcəmizdəki elə saf sözlərə rast gəlirsən ki, dərhal onları müasir dilimizə qaytarmaq və istifadə etmək məqsədəuyğunluğu barədə fikrə dalmalı olursan”. Və örnək olaraq “qısqı”, “alacaqlı” və bu kimi sözlərin dilimizə qaytarılıb ərəb, fars, rus mənşəyindən təmizlənib milli forma və məzmunda işləklik qazanmasını arzulayır.

Ümumiyyətlə, “Lüğət”in bir dəyəri də XX əsrin əvvəllərində az işlək olan hüquqi, hərbi, iqtisadi kəlmələrin, terminlərin günümüzə qədər keçdiyi təkamülü izləmək, hansı dəyişikliklərə, əvəzlənmələrə və ərəbizmlərdən nə dərəcədə təmizlənməsini izləməyə geniş meydan açmasındadır.

Zamanında “Lüğət”, mütaliə edənlərə, ziyalılara çətin anlaşılan sözlərin qavranılması, eləcə də siyasi, hüquqi, iqtisadi və hərbi terminlərlə bağlı çətinliklərin dəf olunması üçün dəyərli “dəsturüləməl” olmuşdur. Lakin “Lüğət”in yeni nəşrinin elmi redaktoru professor M.Nağısoylunun inamına görə, “Lüğət” bu gün də XXI yüzillikdə, bəlkə də o zamankından daha gərəkli və faydalı hesab edilə bilər. Müasir tədqiqatçıların XIX əsrin sonu XX əsrin əvvəlləri mühitini öyrənərkən üzləşə biləcəkləri məqamlara aydınlıq gətirmək üçün lüğətin böyük faydası olacağına əminliyini söyləyir. Professor M.Nağısoylu gənc şərqşünas, fəlsəfə doktoru Şəhla Abdullayevanın nəşrə hazırladığı kitabın çağdaş elmimiz üçün aktuallığını da xüsusi qeyd edir.

Dahi bəstəkar, fenomenal şəxsiyyət, nadir musiqi duyumlu, milli mədəniyyətdə bir çox ilklərə imza atmış, mili opera, milli dərsliklər, musiqi nəzəriyyəsi, unikal operettalar müəllifi Üzeyir bəy Hacıbəylinin milləti, xalqı, tarixi qarşısındakı əməyini, məramını kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü R.Hüseynov, məncə, daha dürüst müəyyənləşdirir. Yer üzündə miqdarı bilinməyən qədər dillərdə sayı hesabı olmayan kitablar var. Ancaq bütün xalqlar və bütün dillərdəki bütün kitabları müştərək edən bir kitab da var – ellik kitabların başlanğıcı olan kitablar kitabı – “Əlifba”. Lakin hərfləri, sözləri öyrədən “Əlifba”dan daha yuxarıda müəlliflərin üstün övladlarının istedad işığıyla doğurduqları Yaxşı Millət Olmağın “Əlifba”sı da var ki, Üzeyir Hacıbəylinin də bütün ömrü həmin alidən-ali kitabın səhifələrini yaratmaqda keçdi. Üzeyir bəyin hər ölməz əsəri Milli Düşüncə Memarlığının “Millət ”Əlifba”sının bir parçasıdır və onun “Lüğət”i də Millət Quruculuğuna hesablanmış həmin silsilənin davamıdır.

Xatirə BƏŞİRLİ,

filologiya elmləri doktoru

Xalq qəzeti.- 2013.- 20 oktyabr.- S. 11.

Source: anl.az